26 fevral 1992-ci il tarixində Xocalı şəhərində baş vermiş faciə Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biridir. Həmin gecə dinc əhaliyə qarşı törədilmiş amansız hücum nəticəsində yüzlərlə insan – qadınlar, uşaqlar və yaşlılar xüsusi qəddarlıqla qətlə yetirilmiş, minlərlə sakin doğma yurd-yuvasından didərgin düşmüşdür.
Xocalı faciəsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və insanlığa qarşı törədilmiş ağır cinayət kimi tarixə düşmüşdür. Bu hadisə xalqımızın yaddaşında dərin iz buraxmış, milli həmrəyliyimizin və vətənpərvərlik ruhunun daha da güclənməsinə səbəb olmuşdur.
Şirkətimiz Xocalı faciəsi qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyir. Biz inanırıq ki, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu kimi faciələrin bir daha təkrarlanmaması naminə maarifləndirmə və anım tədbirlərinin davam etdirilməsi hər birimizin mənəvi borcudur.
Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

